Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış oldu.
Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.
Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayacaq. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. Bu mərhələnin yekunlaşmasından sonra Logistika Mərkəzi həm Azərbaycanın, həm də Qafqazın coğrafı logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək.
Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Logistik xidmət tərəfdaşlarının əməkdaşlığı məhsuldarlığı və səmərəliliyi daha da artıracaq. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.
Vurğulandı ki, Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-çıxışa nəzarət, texniki, ictimai obyekt binaları inşa edilib.
Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Müəssisədə illik yükaşırma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunacaq.
Abşeron Logistika Mərkəzinin əsrlər boyu mədəniyyətləri və qitələri birləşdirən tarixi İpək yolunun mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu müəssisənin “Meyvəli” MMC-yə, Bakı Baş Gömrük İdarəsinə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə, həmçinin digər biznes strukturlarına yaxınlıqda yaradılması onun iqtisadi əhəmiyyətini daha da artırır. Təxmini hesablamalara görə, gün ərzində 750-800 yük maşını şəhər mərkəzində yerləşən stansiyalardan boşalan yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına daşıyır. Bu yüklərin şəhərdəki məntəqələrə, inşaat materialları mağazalarına və bazalarına çatdırılması paytaxtda nəqliyyatın hərəkətində sıxlıq və digər problemlər yaradır. Logistika Mərkəzinin yaradılması bu problemi həll etməklə yanaşı, həm də Bakının ekoloji durumunu daha da sağlamlaşdıracaq. Belə ki, Bakıətrafı dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzinə yönəldiləcək yüklərin həcminin 0,8 milyon ton olacağı ehtimal edilir. Beləliklə də Bakıya gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən Abşeron Logistika Mərkəzinə yönəldiləcək. Bu da orta hesabla 125 min yük avtomobili deməkdir.
Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.
Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.