Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb. “APA-Economics” xəbər verir ki, sənəd rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanıb.
Bu xəritə logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir.
Burada 2020-ci ilədək dövr üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra prioritet və tədbirlər göstərilmiş, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda real ÜDM-in 605 mln. manat artacağı, eyni zamanda ümumilikdə 18900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə, cəmi 3 mlrd. 160 mln. manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.