Azərbaycanda nəqliyyat və logistika - SƏRGİSİ KEÇİRİLƏCƏK

11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian/Translogistica 2019” sərgisi keçiriləcək. FED.az xəbər verir ki, sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmiryol, kommersiya nəqliyyatı və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir. Hər il sərgidə sektor müəssisələrinin yenilik və nailiyyətləri nümayiş olunur, sənayenin əsas nümayəndələri ilə mühüm görüşlər keçirilir və qarşılıqlı faydalı sazişlər imzalanır.

Bu il “TransCaspian/Translogistica” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər ən son məhsul və xidmətlərini təqdim edəcək. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Avtomobil Nəqliyyatı Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat strukturları iştirak edəcək. Bu il sərgidə Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyi debüt edir. 

İştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini təqdim edəcəklər. Onların sırasında: dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri. Sərgidə “Aztech&Tegeta Motors” şirkəti kommersiya nəqliyyatı üçün “Bridgestone” və “Shell” ticarət markalarının məhsullarını təqdim edəcək. “BelOMO” şirkəti isə builki sərgidə debüt edir. Bu il sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin açıq sahəsini da əhatə edəcək və burada şirkətlər nəqliyyat sahəsindəki ən son yenilik və nailiyyətlərini əyani şəkildə nümayiş etdirəcək. 

Builki sərgini əlavə tədbirlər proqramı müşayiət edir. Belə ki, təşkilatçılar bu proqram çərçivəsində “B2B” formatlı görüşlərin keçirilməsi üçün işgüzar platforma yaradıb və burada yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün görüşlər keçirə biləcəklər.

Həmçinin sərgi çərçivəsində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfransın təşkil edilməsi planlaşdırılır. Sözügedən konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün əla fürsət olacaq.

Beləliklə, “TransCaspian 2019” sərgisi yeni qarşılıqlı faydalı və səmərəli əlaqələrin qurulması və genişləndirilməsi, perspektiv sazişlərin imzalanması və investisiya qoyuluşu, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün mükəmməl imkan yaradacaq.

“TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” keçiriləcək.