Azərbaycanda logistika və ticarət sahəsində 19 minə yaxın iş yeri yaradılacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, bu yol xəritəsi rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanıb, logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir.
2020-ci ilədək olan dövr üçün logistika və ticarət sahəsi üzrə Azərbaycanın srateji baxışı regional tranzit yüklərin cəlb edilməsi ilə yanaşı, həmin yüklər üzərində əlavə dəyərin yaradılmasına nail olmaqdır.
Azərbaycanın 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə daha cəlbedici ölkə olmaq və mühüm qovşağa çevrilməkdir.
Uzunmüddətli perspektivdə isə Azərbaycanın hədəf baxışı digər ölkələrlə güclü əlaqələri olan logistika və ticarət mərkəzlərini səmərəli idarə edərək, regionda mühüm qovşağa çevrilməkdir.
Ümumilikdə ölkədə logistika və ticarətin inkişafına dair 3 strateji hədəf müəyyən olunub:
- Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması;
- tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi;
- logistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsi üçün mühüm hərəkətverici mexanizmlərin tətbiqi
2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 400 milyon birbaşa və 205 milyon dolayı olmaqla, ümumilikdə 605 milyon manat artacağı və 10900 birbaşa və 8000 dolayı olmaqla, 18900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır ki, bu da müvafiq texniki-iqtisadi əsaslandırmalar aparıldıqdan sonra dövlət-özəl maliyyələşdirmə mənbələri hesabına təmin ediləcək.